XAÇMAZ REŞ: DAYANIQLIQ DAHA DA ARTIRILMIŞDIR
Hazırda enerjisistemdə generasiya güclərinin yaradılması ilə yanaşı, istehsal olunan elektrik enerjisinin vaxtında və keyfiyyətli şəkildə tələbatçılara çatdırılması da vacib məsələlərdəndir. Bu məsələnin həllində elektrik verilişi xətləri və yarımstansiyaların normal fəaliyyəti mühüm rol oynayır. Enerji sistemin normal fəaliyyəti üçün isə ölkəni enerji obyektlərində mütəmadi olaraq təmir-bərpa və yenidənqurma işlərinin aparılması vacib amillərdən biridir. Elə buna görə də, ölkənin enerji təsərrüfatlarında, o cümlədən respublikanın şimal bölgəsinin enerji təminatında mühüm rol oynayan “Xaçmaz” regional elektrik şəbəkəsində (REŞ) ənənəvi yenidənqurma və təmir-bərpa işləri yerinə yetirlimişdir. Belə ki, REŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində adıçəkilən REŞ-in balans mənsubiyyətinə daxil olan bir sıra enerji obyektlərində cari və əsaslı təmir işləri uğurla yerinə yetirilmişdir. Təmir işləri aparılan müəssisələr sırasına 110/35/10 kV-lik yarımstansiyaları – “Xaçmaz”, “Xudat”, “Yalama”, “Quba”, “Qusar”, “Şabran”, “Rəhimli”, “Siyəzən” daxil etmək olar.
Adları çəkilən yarımstansiyalarda yağ açarlarının təmir edilməsi, transformatorların giriş yağ açarlarının yeniləri ilə əvəz edilməsi, eleqaz açarların, gərginlik və xüsusi sərfiyyat transformatorlarının cari təmiri daxil olmaqla müxtəlif təyinatlı yenidən qurma işləri həyata keçirilib. Analoji təmir işləri 35/10 kV-lik yarımstansiyalarda da aparılıb. Buraya III “Beynəlmiləl”, “Nabran”, “Cağar”, “Quba”, “Kanal”, “Saadan”, “Əmirxanlı”, “Alpan”, “Qonaqkənd”, “Nasos”, “Nügədi”, “Pirbədil” və “Söhüb” yarımstansiyalarını daxil etmək olar ki, bu enerji təsərrüfatlarında da, yeni eleqaz açarlarının quraşdırılması, giriş yağ açarları və xətt ayırıcılarının təmir işləri də daxil omaqla bir sıra müxtəlif təyinatlı işlər görülmüşdür. Onu da qeyd edək ki, təlbatçıların enerji tələbatının daha da yaxşılaşdırılması məqsədilə bir neçə yarımstansiyada əlavə transformator quraşdırılmışdır. Məsələn, “Kanal” yarımstansiyası bu qəbildən olan enerji obyektidir. Burada 1 ədəd 2,2 MVA gücündə transformator quraşdırılması ilə tələbatçılara enerji çatdırılması daha da yaxşılaşmışdır. REŞ-dən daxil olan məlumata görə, müvafiq enerji obyektlərində aparılan yenidənqurma işləri istehlakçıların mövcud hava iqlim şəraitində enerjiyə olan tələbatını daha da dayanıqlı etmişdir.
Təmir işləri 330, 110 və 35 kV-lik HEVX-lərdən də yan keçməmişdir. Belə ki, 330 kV-lik “Xaçmaz”, 110 kV-lik I, III, IV, VI, VII, VIII “Xaçmaz”, Çarxı, I və II “Quba” HEVX-də o cümlədən, 35 kV-lik “Quba-Qusar”, “Kanal”, “Qonaqkənd”, “Söhüb”, “Əcəxur”, “Əmirxanlı”, “Cağar”, “Nabran”, “Quba-Qonaqkənd” HEVX-də ümumiulikdə 700-dən artıq izolyator dəyişdirilərək yeni şüşə izolyatorlarla əvəz edilmişdir.
Bunlardan əlavə, “Xudat-Yalama” və “Qonaqkənd” HEVX-lərində bir neçə dayaq təmir edilmişdir. Ümumilikdə 35 kV-lik və daha yuxarı gərginlikli HEVX-nin 56,2 kilometrlik məsafəsində təmir-bərpa işləri aparılıb.
Bütün bu işlərlə yanaşı, yarımstansiyalarda yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində də müvafiq tədbirlər yerinə yetirilib. Belə ki, güc transformatorlarında yağ sızmaları aradan qaldırılmış, su hovuzları su ilə doldurulmuş və digər zəruri təhlükəsizlik tədbirləri yerinə yetirilimişdir.