TEXNİKİ QULLUQ VAXTINDA GÖSTƏRİLİR
Dövlət Başçısının diqqət və qayğısı sayəsində ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş generasiya mənbələrindən biri olan “Şahdağ” elektrik stansiyasından “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun olaraq vaxtında göstərilmiş və bunun nəticəsində də plansız boş dayanmalara yol verilməmişdir. Ötən illərdə olduğu kimi, cari ilin ötən 10 ayında da elektrik enerjisi istehsalında problem yaranmamışdır. Hazırda stansiya dispetçer qrafikinə uyğun fəaliyyət göstərir.
Mənbənin bildirdiyinə görə, stansiyada cari ilin oktyabr ayında 23,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal eidlmişdir. Qeyd edək ki, cari ilin 10 ayı ərzində isə burada 280,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir.
“Digər enerji müəssisələrində olduğu kimi, burada da 2012/2013-cü illərin payız-qış mövsümünü normal keçirmək məqsədilə tədbirlər planına uyğun olaraq enerji bloklarında müxtəlif təyinatlı təmir işləri aparılır. Eyni zamanda digər elektrik avadanlıqlarında da profilaktik təmir işləri icra edilir”, – deyən mənbə cari ilın son üç ayı ərzində həyata keçirilmiş işlər barəsində də məlumat verdi.
Mənbənin bildirdiyinə görə, sözügedən dövrdə 2 saylı xüsusi sərfiyyat transformatorunda, 10 saylı generatorda təmir işləri aparılmışdır. Eyni zamanda üç generatorun eleqaz açarlarında, cərəyan və gərginlik transformatorlarında, 40 MVA-lıq 3 və 4 saylı güc transformatorlarının 110 kV-lik eleqaz açarlarında da təmir işləri həyata keçirilmişdir. Sözügedən dövr ərzində doqquz porşen tipli aqreqata növbəti istismar həddinə uyğun olaraq texniki qulluq göstərilmişdir. Yeri gəlmişkən, tələbatçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə aqreqatlarda aparılan təmir və texniki xidmət işləri stansiyanın təmir briqadası tərəfindən həyata keçirilir.
Onu da qeyd edək ki, yanğın təhlükəsizliyi məsələsi də daima diqqət mərkəzində saxlanılır. Belə ki, yanğınsöndürmə vasitələrinə, yanğına qarşı su təchizatına növbədənkənar baxış keçirilmişdir.
Xatırladaq ki, bu elektrik stansiyası hər birinin gücü 8,7 MVt olan 12 ədəd porşen tipli aqreqatdan ibarətdir. İstehsal olunan elektrik enerjisinin enerjisistemə ötürülməsi üçün 110 kilovoltluq II Quba hava xəttinin stansiyaya giriş-çıxışının təmin edilməsi məqsədilə 2 kilometr uzunluğunda yeni xətt çəkilmişdir.