“OGUZ EŞ”: TƏMİR İŞLƏRİ APARILIB
Görülən bütün məqsədyönlü tədbirlər həm enerji itkisinin qarşısının alınmasında, həm istehlakın dəqiqləşdirilməsində, həm də ümumi ödənişin artmasında öz müsbət nəticəsini göstərməkdədir.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Oğuz” elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, cari ilin son üç ayında müəssisənin xidməti ərazisində həyata keçirilmiş təmir işləri zamanı 10 kV-lik xətlərin 2,4 km-i təmir edilmişdir. Buraya eynigərginlikli “Şəhər”, “Qumluq”, “Padar” və digər xətlərdə aparılan işlər də aiddir. Eyni zamanda həmin bu müddətdə 0,4 kV-lik xətlərdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı xətlərin bir km-dən artıq hissəsində də əsaslı və cari təmir edilmişdir. Mənbəyə istinadən qeyd edək ki, təmir işləri müəssisənin balans mənsubiyyətinə aid TM-lərdən də yan ötməmişdir. Belə ki, sözügedən dövrdə 8 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Mənbənin elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısının alınması istiqamətində həyata keçirilmiş tədbirlər barəsində verdiyi məlumatda o da bildirilir ki, cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 11 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 15,2 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 910 manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı, ötən ayların aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd edək ki, cari ilin 9 ayı ərzində isə 140-dan çox qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuş, 2 milyon 420,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 145,2 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 14 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Sonda onu da qeyd edək ki, yenidən qurma və təmir işlərinin aparılması ilə yanaşı, TM və KTM-lərdə avadanlıqlar təftiş edilmiş, xətlərə mane olan yaşıl kütlə və ərazi quru otlardan təmizlənmişdir.