TƏDBİRLƏR MÖVSÜMƏ HAZIRLIQ ÇƏRÇİVƏSİNDƏ İCRA OLUNUR

Image

“Xızı elektrik şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, burada istismar işləri nəzərdə tutulan qrafik üzrə aparılır. Dayaqlar daha keyfiyyətliləri ilə əvəz olunur, zərurət yaranan ərazilərdə məftillər dəyişdirilir. Bundan başqa, daha çox yüklənən transformator məntəqələrinin yükü azaldılır, həmin istehlakçılar digər TM-lərə qoşulur. Bu da itkilərin azalması və dayanıqlığın yaxşılaşdırılması baxımından müsbət təsirə malikdir.

Qeyd edək ki, ümumilikdə,  cari ilin son üç ayı ərzində sözügedən təsərrüfatın 0,4 kV-lik xətlərinin 6,2 kilometrdən artıq hissəsi SİP kabellə əvəzlənmişdir. Təmir işləri TM-lərdən də yan keçməmişdir. Həmin bu dövrdə 11 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Ümumiyyətlə, sözügedən müəssisənin elektrik avadanlıqlarında mövsümə hazırlıq çərçivəsində bütün lazımi tədbirlər icra olunur.  O cümlədən, təmir kampaniyası dövründə yarımstansiyalarda da sınaq yoxlamaları keçirilib.

Mənbədən əldə edilən digər bir məlumata görə, burada cari ilin sentyabr ayında keçirilmiş reydlər zamanı 3 istehlakçının (bu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Aktlar üzrə hesabat aparılaraq 8,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin 9 ayı ərzində isə müəssisənin xidməti ərazisində 85 qayda pozuntusu (bunun 74-ü məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) aşkar edilərək 769,8 min kilovatsaata yaxın (bunun 169,1 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 46,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 43 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən,  mənbədən qayda pozuntularının təsnifatı barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki,  elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmişdir.