AVADANLIQLARA TEXNİKİ QULLUQ GÖSTƏRİLİR

Image

Yeni istifadəyə verilmiş  güclər arasında ayrıca yeri olan “Xaçmaz Elektrik Stansiyası” şimal bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində xüsusi rol oynayır. İlk fəaliyyət dövründə olduğu kimi, hazırda da burada işlər öz axarı üzrə inkişaf edir. Enerji obyektindən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata görə, cari ilin sentyabr  ayı ərzində stansiya üzrə elektrik enerjisinin istehsalı 34,1 milyon kilovatsaata yaxın olub.

Qeyd edək ki, cari ilin 9 ayı ərzində isə 300,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalı üzrə digər texniki göstəricilərdə də müsbət nailiyyətlər əldə edilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, cari ilin son üç ayı ərzində stansiyada mühərrik-generatorlarda, hava kompressorlarında müəyyən işlər aparılmış, təmir qrafikinə uyğun olaraq texniki xidmət işləri görülmüşdür. Eyni zamanda müəyyən modifikasiya işləri də aparılmışdır. Qarşıdan gələn qış mövsümünə hazırlıq çərçivəsində icra edilən  təmir-bərpa işləri 110 kV-lik yarımstansiyanın avadanlıqlarında da həyata keçirilmişdir. Ümumiyyətlə isə payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planında nəzərdə tutulmuş işlər başa çatdırılmışdır. Aparılan təmir işləri stansiyanın işçi heyəti tərəfindən həyata keçirilmişdir. Hazırda stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Yeri gəlmişkən, işçilərin iş şəraitinin yaxşılaşdırılması məqsədilə inzibati binada və digər yardımçı binalarda da təmir işləri görülmüşdür.

Onu da qeyd etmək yerinə düşərdi ki, payız-qış mövsümündə stansiyanın dayanıqlı və təhlükəsiz iş rejimini saxlamaq məqsədilə işlər tərtib edilmiş tədbirlər planına uyğun olaraq qrafik üzrə davam etdirilir.

Stansiyadan verilən məlumatda yanğın təhlükəsizliyinin normalara uyğun olması da diqqətə çatdırıldı.