YENİ RABİTƏ VASİTƏLƏRİNİN TƏTBİQİ PROSESİ DAHA DA SÜRƏTLƏNDİRİLİR

Image

Məlum olduğu kimi, enerjisistemin dayanıqlı  fəaliyyətinin tə­min edilməsində rabitə vasitələrinin özünəməxsus yeri var.  “Enerjisistemin İdarəetmə Vasitələri Şəbəkəsi”nin kollektivi bu sahədə üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirməyə çalışır.

Mənbədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, enerjisistemin idarəetmə vasitələri şəbəkəsi enerjisistemin ayrı-ayrı nöqtələrini yalnız fiziki birləşdirmir, eyni zamanda çoxlu sayda məlumatların (dispetçer idarəetmə sistemi, teleölçülər, mühafizə avtomatikasının məlumatları, audio-vidio informasiyalar və s.) ötürülməsini təmin edir.

Enerjisistemdə müasir informasiya texnologiyalarının tətbiqinin daha da genişləndirildiyini vurğulayan mənbə onu da bildirdi ki, stansiya və yarımstansiyaları əlaqələndirən fiber-optik kabel şəbəkəsi ilə yanaşı,  regional elektrik şəbəkələri və paylayıcı elektrik şəbəkələrini əhatə edən korporativ şəbəkə də mövcuddur. Qarşıda duran əsas vəzifələrdən biri bütün respublika üzrə fiber-optik kabellərin çəkilməsinin başa çatdırılması və onun dairəvi formaya salınmasıdır.

Qeyd edək ki, ilk növbədə, “Abşe­ron-Mingəçevir” dairəvi xətti artıq Abşeronla Ağsunu birləşdirib. Dairəvi formaya salınmanın əsas üstünlüyü ondan ibarətdir ki, hər hansı hissədə nasazlıq və ya zədələnmə halı baş verərsə, əks tərəfdən müdaxilə etməklə çatışmazlığı operativ şəkildə aradan qaldırmaq mümkünləşir.

Yeri gəlmişkən,  SCADA layihəsi çərçivəsində avadanlıqların yerlərdə quraşdırılmasında, sazlanmasında şəbəkə əməkdaşları da yaxından iştirak edirlər. Artıq ener­­jisistemin əsas müəssisələrində - stansiya və yarımstansiyalarda yeni rabitə avadanlıqlarının tətbiqi prosesi yekunlaşıb. Yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulan “Cə­nub” elektrik stan­siyasının rabitə və telemexanika avadanlıqlarının quraşdırılması, fiber-optik kabellərin çəkilməsi istiqamətində xeyli iş görü­lüb.