“CƏLİLABAD EŞ”: TƏMİR İŞLƏRİ VAXTINDA YERİNƏ YETİRİLİR
“Cəlilabad” elektrik şəbəkəsində (EŞ) istehlakçılara göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsi, itkilərin azaldılması, sərf olunmuş enerjinin dəyərinin vaxtında ödənilməsi məqsədilə paylayıcı elektrik verilişi xətlərində, transformator məntəqələrində müvafiq təmir işləri aparılır. Müəssisənin kollektivi öhdələrinə düşən işi layiqincə yerinə yetirmək üçün bütün qüvvələrini səfərbər etmişdir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 53 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 139,2 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 8,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 37 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir. Qeyd edək ki, cari ilin 9 ayı ərzində burada keçirilmiş reydlər zamanı aşkar edilmiş 410 qayda pozuntusuna görə 1milyon 440,7 min kilovatsaatdan çox itirilmiş elektrik enerjisinin 86,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 31 faizdən çox hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin son üç ayı ərzində müəssisənin xidməti ərazisində 10 kV-lik EVX-lərin 14,4 kilometri yenidən qurulmuş, 11,8 km-dən artıq hissəsi isə əsaslı təmir olunmuşdur. Eyni zamanda 0,4 kV-lik xətlərin isə 6,1 km-dən artıq hissəsində əsaslı təmir işləri həyata keçirilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərin 23-ü yenidən qurulmuş, 53-də isə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda ümumi gücü 1,4 MVA-ya yaxın olan 8 transformator da təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.