“SUMQAYIT ES”: TEXNİKİ-İQTİSADİ GÖSTƏRİCİLƏR YÜKSƏKDİR

Image

Enerjidən istifadənin ətraf mühitə mənfi təsirini azalda biləcək layihələrin işlənib hazırlanması mühüm əhəmiyyət kəsb edir. Dünyanın bir çox ölkələri bu problemin həlli ilə əlaqədar maraqlı tədbirlər reallaşdırılır. Respublika elektrik enerjisi sistemində də bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. O cümlədən, respublikanın ikinci sənaye şəhəri olan Sumqayıtda da bu işlər uğurla həyata keçirilir. Belə layihələrdən biri ümumi gücü 525 MVt olan “Sumqayıt” elektrik stansiyasıdır. Elektrik stansiyası iqtisadi cəhətdən inkişaf edən Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin etmişdir. Bundan əlavə enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var. Stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Sözügedən stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,

cari ilin sentyabr ayında burada 155 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, cari ilin 9 ayı ərzində istehsal 1 milyard 314,5 milyon kilovatsaata yaxın təşkil etmişdir.

Mənbə onu da bildiurdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik stansiyasında digər texniki iqtisadi göstəricilərdə də müsbət nəticələr əldə edilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, stansiyanın optimal iş rejimini saxlamaq üçün qrafik üzrə avadanlıqlara texniki xidmət göstərilmişdir. Payız-qış mövsümünə hazırlıqla bağlı qrafik üzrə nəzərdə tutulmuş işlər əsasən başa çatdırılmışdır.

Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin sentyabr ayında 220 kV-lik yarımstansiyada “Böyük şor” yuvasının tikintisinə başlanılmışdır.

Yeri gəlmişkən,  digər müəssisələrdə olduğu kimi, burada da yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla tamamilə təmin olunmuşdur. Eyni zamanda stansiyanın istehsalat xüsusiyyəti nəzərə alınmaqla, xüsusi yanğın təhlükəsizlik tədbirləri sahəsində işçilərin biliklərinin artırılması məqsədilə yanğın texniki minimum kursları təsdiq edilmiş cədvəl əsasında keçirilir. Xatırladaq ki, ümumi gücü 525 MVt olan Sumqayıt elektrik stansiyasında iki ədəd qaz və bir ədəd buxar turbini quraşdırılmışdır.