ELEKTRİK ENERJİSİNDƏN QEYRİ QANUNİ İSTİFADƏ HALLARININ QARŞISI ALINIR

Image

İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü və paylayıcı şəbəkələrdə əsaslı və cari təmir işlərinin yerinə yetirilir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində itkilər azalmış, ümumiyyətlə isə müəssisə üzrə texniki iqtisadi göstəricilərdə müsbət nəticələr əldə edilmişdir.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Salyan” elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 130 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 360,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 21,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 10 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin 9 ayı ərzində burada 727 qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 3 milyon 700,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 222 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 53 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbədən cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan elektrik verilişi xətlərində (EVX) və transformator məntəqələrində (TM) həyata keçirilmiş təmir işləri barəsində əldə etdiyimiz məlumatda o da qeyd edilir ki, yenidənqurma işləri çərçivəsində 400 metr məsafədə yeni 0,4 kV-lik hava xətti çəkilmiş, 10, 6 və 0,4 kV-lik xətlərin 9,2 kilometrdən artıq hissəsi təmir edilmişdir.

Qeyd edək ki, təmir kampaniyası qrafikinə uyğun olaraq sözügedən dövrdə müəssisənin xidməti ərazisində bir ədəd transformator məntəqəsi quraşdırılmış, balans mənsubiyyətinə aid TM-lərin 116-da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda ümumi gücü 2,6 MVA-ya yaxın olan 7 transformatorda əsaslı təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, burada da yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər həyata keçirilir. O cümlədən, artıq yağ tutumlu avadanlıqlarda yanğın təhlükəsizliyi təmin edilib, EVX-lərin mühafizə zonalarının və TM-lərin ərazilərinin quru otlardan və kənar əşyalardan, transformatorların özülü və gövdəsi çirkli yağ örtüyündən təmizlənib.