“ŞƏMKİR SES SİLSİLƏSİ”NİN ƏMƏKÇİLƏRİ ÜÇÜNCÜ RÜBÜ UĞURLA BAŞA VURUBLAR
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Şəmkir SES Silsiləsi”ndən daxil olan məlumata görə, kollektiv cari ilin doqquz ayı ərzində üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib. Bu müddətdə “Şəmkir” SES-də 549,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. “Yenikənd” SES-də isə cari ilin 9 ayı ərzində 234,8 mln. kilovat-saat elektrik enerjisi istehsal edilib.
Mənbəyə istinadən qeyd edək ki, hər iki stansiyada sentyabr ayında da uğurlu nəticə əldə edilib. Belə ki, sözügedən ayda “Şəmkir” SES-də 36,8 mln. kilovat-saat, “Yenikənd” SES-də isə 15,7 mln. kilovat-saat elektrik enerjisi istehsal edilib.
Məlumat verildiki kimi, “Şəmkir” SES-də iki hidroaqreqat saz vəziyyətdə istismar olunur. Hər iki hidroaqreqat cari təmirdən çıxarılıb. Stansiyanın kran təsərrüfatındakı üç ədəd kətilli və iki ədəd körpülü kran saz haldadır. İrili-xırdalı 13 transformator, 8 ədəd kompressor qurğusu normal vəziyyətdədir. SES-də olan avadanlıqlarda, qurğularda təmir işləri və profilaktik yoxlamalar davam etdirilir. 2012-ci ilin yaz-yay sel sularının qəbulu və ötürülməsi normal başa çatıb.
“Yenikənd” SES-dəki dörd hidroaqreqatdan üçü cari təmir olunub. Buradakı iki ədəd kətilli və bir körpülü kran, beş ədəd 110 kV-lik eleqaz açarı, on iki ədəd müxtəlif güclü transformator tam işlək vəziyyətdədir. Təmir-bərpa işləri təsdiq olunmuş plan-qrafik üzrə davam etdirilir. Cari ilin yaz-yay sel sularının qəbulu və ötürülməsində də problem yaşanmayıb.
Sonda onu da qeyd edək ki, payız-qış mövsümünə dair təsdiqlənmiş tədbirlər planı, demək olar ki, oktyabrın sonuna kimi həyata keçiriləcək. Avadanlıqlara texniki xidmət hər iki stansiyada baş mühəndisin təsdiq etdiyi qrafiklər üzrə mütəxəssislər tərəfindən aparılır. Xidmətlər təlimatlara uyğun yerinə yetirilir.
Xatırladaq ki, Silsiləyə “Şəmkir” və “Yenikənd” SES-ləri daxildir.