İSTEHLAK MƏDƏNİYYƏTİ YÜKSƏLİR
“Astara Elektrik Şəbəkəsi”ndə həyata keçirilən məqsədyönlü tədbirlər rayonun elektrik enerjisinə olan tələbatını daha da dayanıqlı şəkildə ödəməyə imkan verir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, rayon əhalisinin daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsində heç bir problem yoxdur. Belə ki, Astarada elektrik enerjisinin keyfiyyətli və davamlı ötürülməsi məqsədi ilə elektrik verilişi xətləri, transformator məntəqələri və yarımstansiyalarda təmir işləri yerinə yetirilib. Məsələn, bu ilin səkkiz ayı ərzində 10 kV-lik xətlərdə 38 ədəd dayaq, 0,4 kV-lik xətlərdə 12 ədəd dayaq dəyişdirilib. Rayon mərkəzində 1200 metr SİP kabel çəkilib, yarımstansiyalarda 27 ədəd transformator təmir olunub. Bundan başqa, 110 kV-lik «Astara» yarımstansiyasında ümumilikdə 17 ədəd yağ açarı təmir edilib.
Qeyd edək ki, 35 kV-lik «Ərçivan» yarımstansiyasında isə 1,6 MVA və 2,5 MVA-lıq transformatorlar, xeyli sayda yağ açarı təmir edilib. Həmçinin «Pensər» və «Lovayin» yarımstansiyalarında da yağ açarları təmir olunub. Yarımstansiyalarda ümimilikdə 3 tona yaxın transformator yağı dəyişdirilib.
Mənbədən o da bildirildi ki, şəbəkənin xidməti ərazisində sayğacdankənar istifadə hallarına, az da olsa, təsadüf edilir. Əsasən ucqar kəndlərdə baş verən belə hadisələri aşkarlamaq üçün hər gün reydlər keçirilir. Qayda pozuntuları müvafiq şəkildə aktlaşdırılır. Görülən tədbirlər nəticəsində elektrik enenjisindən qeyri-qanuni istifadə edənlərin sayı getdikcə azalır, əhali istehlak mədəniyyətinə yiyələnir.