MÖVSÜMİ TƏDBİRLƏR VAXTINDA İCRA EDİLİR

Image

Ölkənin enerji təhlükəsizliyi üçün yaradılmış təminatlar əsasında generasiya güclərinin daha da artırılması, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf edən iqtisadiyyatımızın elektrik enerjisi təminatının möhkəmləndirilməsi istiqamətində müstəqilliyimiz dövründə tikintisi reallaşdırılmış elektrik stansiyalarından biri də “Bakı İstilik Elektrik Mərkəzi”dir (İEM). Digər enerji obyektlərində olduğu kimi, burada da mövsümi tədbirlər vaxtlı-vaxtında icra edilir. Bu da öz növbəsində həm elektrik, həm də istilik enerjisi istehsalı üzrə ixtisaslaşmış bu müəssisədə istehsal prosesinin dayanıqlığını daha da artırır və nəticədə texniki–iqtisadi göstəricilərin yaxşılaşmasına kömək edir.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir.

Mənbənin bildirdiyinə görə, dispetçer qrafikinə uyğun olaraq  müəssisədə cari ilin sentyabr ayında 47,2 milyon kilovatsaata yaxın  elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, cari ilin 9 ayı ərzində 411,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.

Yeri gəlmişkən, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində  həm elektrik, həm də istilik enerjisinin buraxılışında digər texniki göstəricilərdə də müsbət nailiyyətlər əldə edilmişdir.

Mənbədən cari ilin son üç ayında görülmüş təmir işləri barəsində əldə etdiyimiz digər bir məlumata görə, 110 kV-lik yarımstansiyanın ərazisində müxtəlif təyinatlı təmir işləri aparılmış və transformator təftiş edilmişdir. O cümlədən, eleqaz açarları, gərginlik transformatorları quraşdırılmış, yağ açarları təmir olunmuşdur. Eyni zamanda elektrik mühərriklərində və digər köməkçi avadanlıqlarda da əsaslı təmir işləri yerinə yetirilmişdir. Aparılan işlərin siyahısı ümumilikdə kifayət qədər zəngindir.

Onu da qeyd edək ki, sözügedən dövrdə azot xətti tamamilə yenilənmiş, 2 saylı mazut, 4 saylı şəbəkə nasosları da təmir olunmuşdur. Bütün bunlarla yanaşı qaz-turbin qurğusunda və onun digər avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Ümumiyyətlə isə payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planınında qrafik üzrə nəzərdə tutulmuş işlər başa çatdırılmışdır. Hazırda stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Yeri gəlmişkən, işçilərin iş şəraitinin yaxşılaşdırılması məqsədilə inzibati binada və digər yardımçı binalarda da təmir işləri görülmüşdür. Onu da qeyd etmək yerinə düşərdi ki, payız-qış mövsümündə stansiyanın dayanıqlı və təhlükəsiz iş rejimini saxlamaq məqsədilə tərtib edilmiş tədbirlər planına uyğun olaraq işlər qrafik üzrə davam etdirilir.

Xatırladaq ki, “Bakı” İEM-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir.