“NAFTALAN” EŞ: ŞƏBƏKƏNİN TEXNİKİ İSTİSMAR SƏVİYYƏSİ YÜKSƏLİB

Image

“Mingəçevir” REŞ-in paylayıcı şəbəkələri  sırasında, “Naftalan” EŞ-in də müsbət fəaliyyətini qeyd etmək vacibdir. Paylayıcı şəbəkənin xidmət göstərdiyi ərazilərdə son  vaxtlar texniki istismar səviyyəsinin yüksəldilməsi, rayon əhalisi arasında aparılan məqsədyönlü tədbirlər, eləcə də  elektrik enerjisindən qeyri-qanuni istifadə  hallarına qarşı qətiyyətli addımların atılması müəssisənin xidməti ərazisində istehlak edilmiş elektrik enerji haqqının ödənişində ciddi irəliləyiş yaradıb.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində 10 və 0,4 kV-lik EVX-lərdə həyata keçirilən təmir işləri zamanı xətlərin müəyyən hissəsi dəyişdirilmiş, qabariti bərpa olunmuş, dayaqlar düzləndirilmiş və xəttin trassası yaşıl kütlədən təmizlənmişdir.

Qeyd edək ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

“Şəbəkələrin bərpası və yenidən qurulmasından başqa, elektrik enerjisinin uçotunun nizama salınması proqramına uyğun olaraq, ilkin ödənişli kartlar vasitəsilə elektrik enerjisindən istifadəyə görə müasir ödəmə sistemi də tətbiq edilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır”, – deyən mənbə onu da bildirdi ki, cari ilin 8 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 6 istehlakçının (bunun 3-ü məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 21,5 min  kilovatsaata yaxın (bunun 9,1 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 1,2 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı, ötən ilin aktlarına görə yartanmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Qalıq debitor borcların da ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Sonda onu da qeyd edək ki, müəssisənin xidməti ərazisində yanğın təhlükəsizliyi ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. O cümlədən, TM-lərin ərazisi quru otlardan təmizlənir, yağ tutumlu avadanlıqlarda yağın səviyyəsi, girimlərdə təzyiqlərin və transformatorlarda temperaturun norma həddində saxlanması təmin edilir. EVX-lərin trassasının ağac və digər yaşıl kütlələrdən təmizlənməsi işləri aparılır.