“ŞİRVAN” REŞ-DƏ DƏ TƏMİR KAMPANİYASI DAVAM EDİR

Image

Cənub bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan “Şirvan Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) texniki  göstəricilərin daha da dayanıqlı vəziyyətdə fəaliyyətinin təmin edilməsi, o cümlədən payız-qış mövsümünə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Şəbəkədən Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Şirvan, Hacıqabulun və Qaradağ rayonunun Ələt qəsəbəsinin inzibati ərazilərində yerləşən elektrik verilişi xətlərində və yarımstansiyalarında  cari ilin  son üç ayı ərzində görülmüş təmir işləri barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, adları çəkilən rayon və qəsəbələrdəki istehlakçıların davamlı elektrik enerjisi ilə təminatı kollektivin ən ümdə tapşırıqlarından biridir. Bu məqsədlə 330 kV-lik III  “Şirvan” elektrik verilişi xəttinin (EVX) 7 kilometri əsaslı təmir edilmiş, 250-ə yaxın izolyator və 9 ədəd xətt armaturu yenisi ilə əvəz edilmişdir. Eyni zamanda sözügedən dövrdə 220 kV-lik I, II “Şirvan” və III “Masallı” HX-lərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən həmin bu xətlərin ümumilikdə 13,5 kilometri təmir olunmuş və 440-a yaxın izolyator yenisi ilə əvəzlənmişdir.

Qeyd edək ki, analoji təmir işləri 110 kV-lik EVX-lərdə də aparılmış və burada sözügedən dövr ərzində 81 kilometrə yaxın xətt əsaslı təmir edilmiş, 1500-ə yaxın izolyator və 135-dən çox xətt armaturu yenisi ilə əvəz edilmişdir. Eyni zamanda 2 dayaq da yenisi ilə əvəzlənmişdir.

Yeri gəlmişkən, 35 kV-lik EVX-lərdə isə bu göstəricilər müvafiq olaraq 6,2 kilometrə yaxın, 66 və 16 ədəd olmuşdur. Eyni zamanda burada 2 ədəd dayaq təmir edilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə isə, təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan yarımstansiyalardan da yan ötməmişdir. Belə ki, hesabat dövründə 110 kV-lik “Lənkəran-1” yarımtansiyasında ümumi gücü 45 MVA olan 1 və 2 saylı transformatorlar, 1 saylı transformatorun giriş yağ açarı, 35 kV-lik “Hirkan” və “Xanbulan” HX-lərinin yağ açarları da təmir edilmişdir. Eyni zamanada digər 110 kV-lik yarımstansiyalarda da analoji təmir işləri aparılmışdır.

Onu da qeyd etmək yerinə düşərdi ki, müəssisənin balans mənsubiyyətinə aid olan 35-kV-lik “Liman”, “Lerik”, “Neftçala”, “Üçtəpə”, “Ərçivan” və digər yarımstansiyalarda isə müxtəlif güclü transformatorlar və yağ açarları  təmir edilərək normal iş rejiminə gətirilmişdir.