AVADANLIQLAR NÖVBƏTİ MÖVSÜMƏ HAZIRDIR
Ölkə ərazisində istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində fəaliyyət göstərən enerji təsərrüfatlarında ənənəvi təmir-bərpa işləri yerinə yetirilir.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Şəki Elektrik Şəbəkəsi”ndən (EŞ) daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində payız-qış mövsümünə hazırlıq məqsədilə bir sıra təmir işləri yerinə yetirilib. O cümlədən, cari ilin son üç ayı ərzində 6-10/0,4 kV-lik transformator məntəqələrinin (TM) 27-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Qeyd edək ki, 10, 6 və 0,4 kV-lik hava elektrik verilişi xətlərində də əsaslı və cari təmir işləri aparılmış, istismara yararsız naqillər yeniləri ilə əvəz edilmişdir. Nəticədə 12,5 kilometrdən artıq hava xətti təmir olunmuşdur. Buraya Daşüz, Aydınbulaq, Turan və s. kəndlərdəki 10 kV-lik, həmçinin Qayabaşı, Oxud, Qoxmuq və digər kəndlərin 0,4 kV-lik xətlərində həyata keçirilmiş işlər daxildir.
Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin avqust ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 33 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 113,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 6,8 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğlə yanaşı ötən ayların aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd edək ki, sözügedən müəssisə üzrə cari ilin 8 ayı ərzində 390-dan artıq qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuşdur. Nəticədə 1 milyon 555,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 93,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğlə yanaşı ötən ilin aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi də təmin edilmişdir.
Sonda onu da bildirək ki, şəbəkənin istismar vəziyyətinin yaxşılaşdırılması üçün zəruri tədbirlər davam etdirilir. Vaxtında aparılan cari və əsaslı təmir işləri nəticəsində istehlakçılar daha dayanıqlı elektrik enerjisi ilə təmin olunurlar.