“ABŞERON REŞ”: TƏMİR İŞLƏRİ DAVAM EDİR
Digər enerji müəssisələrində olduğu kimi, Abşeron yarımadası və Bakıətrafı ərazilərin elektrik enerjisi ilə təminatında müstəsna rolu olan “Abşeron Regional Elektrik Şəbəkəsi”nin də (REŞ) balans mənsubiyyətinə aid olan enerji obyektlərində də son aylarda sistem əhəmiyyətli xeyli tədbirlər həyata keçirilmiş və bu istiqamətdə işlər davam etdirilir. Bu da həmişə olduğu kimi qarşıdan gələn payız-qış mövsümündə elektrik enerjisinə olan tələbatın daha da dayanıqlı və keyfiyyətli şəkildə paylanmasına, elektrik verilişi xətlərində texnoloji itkilərin azaldılmasına xidmət edir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,
500 kV-lik “Abşeron” yarımstansiyasında layihə əsasında 330 kV-lik açıq paylayıcı quruluşda (APQ) 3 saylı 400 MVA-lıq avtotransformatorun qoyulması ilə əlaqədar yenidənqurma işləri davam etdirilir. Paralel olaraq 220 kV-lik APQ-də də yenidənqurma işləri davam etdirilir. Eyni zamanada Bakı şəhərin mərkəzi hissəsinin enerjitəchizatının dayanıqlılığının daha da möhkəmləndirilməsi məqsədilə 220 kV-lik “Müşfiq” yarımstansiyasında 3 saylı avtotransformatorun quraşdırılma işləri də başa çatdırılmış və bu avtotransformatorun avadanlıqlarının (eleqaz açarlar, ayrıcısı və s.) quraşdırılması davam etdirilir.
Qeyd edək ki, 220 kV-lik “Səngəçal” yarımstansiyasında yenidənqurma işləri ilə əlaqədar APQ-də açar, gərginlik və cərəyan transformatorları yenisi ilə əvəzlənmişdir. Eyni gərginlikli “Xırdalan” yarımstansiyasında da təmir işləri həyata keçirilmişdir.
Yeri gəlmişkən, “Binəqədi” yarımstansiyaında 3 və 4 saylı 40 MVA-lıq transformatorlar 63 MVA-lıqla əvəzlənmişdir. “Zabrat” yarımstansiyaında isə qapalı paylayıcı quruluşun (QPQ) binasının tikintisi işləri başa çatdırılmış və hazırda avadanlıqların quraşdırılması işləri davam etdirilir.
Mənbə onu da bildirdi ki, 220 kV-lik “Hövsan”, 110 kV-lik “Ramana”, “Zığ”, “8-ci kilometr” və digər yarımstansiyalarda da analoji təmir işləri aparılmış, payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq qrafik üzrə nəzərdə tutulmuş tədbirlər yerinə yetirilmişdir. Belə ki, qeyd edilən yarımstansiyaların dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə yağ açarlarının yeniləri ilə dəyişdirilməsi yaxud bərpa edilməsi, eyni zamanda izolyatorların yeniləri ilə dəyişdirilməsi istiqamətində lazımi tədbirlər görülmüşdür. Eyni zamanda sözügedən yarımstansiyalarla yanaşı “Suraxanı”, “205” və “Qala” yarımstansiyalarında işçilərin iş şəraitinin yaxşılaşdırılması məqsədilə inzibati binalarda təmir işləri davam etdirilir.
Onu da qeyd etmək yerinə düşərdi ki, müəssisənin xidməti ərazisində hazırda 220 kV-lik “Böyükşor” və “Zabrat” yarımstansiyalarının tikintisi davam etdirilir.
Hazırda “Səngəçal” ES-220 kV-lik “Müşfiq” yarımstansiyası (YS), “Şimal” ES-220 kV-lik “Hövsan” YS və “Şimal” ES-220 kV-lik “Zabrat” YS-ları arasında iki dövrəli HX-lərinin tikintisi davam etdirilir. Paralel olaraq 220 kV-lik “Ağsu” və “Qəbələ” HX-lərinin yenidənqurulması işləri də davam etdirilir.
Sonda onu da qeyd etmək yerinə düşərdi ki, burada da yanğın təhlükəsizliyi tədbirləri diqqət mərkəzindədir. Belə ki, EVX-lərin mühafizə zonaları və yarımstansiyaların əraziləri quru otlardan, yağ tutumlu avadanlıqların ətrafı çirkli yağ örtüyündən təmizlənmişdir. Eyni zamanda mühafizə avadanlıqlarının nəzarət və ölçü cihazları təftiş edilmiş və aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır. Paralel olaraq bütün YS-lər ilkin yanğınsöndürmə avadanlıqları ilə təmin olunmuşdur. Bütün bunlardan əlavə yeni quraşdırılan bütün transformatorlara avtomatik yanğınsöndürmə qurğusu da quraşdırılmışdır.