“TOVUZ” EŞ-DƏ DƏ TƏMİR İŞLƏRİ APARILIR

Image

Digər paylayıcı elektrik şəbəkələrində olduğu kimi, “Tovuz” EŞ-də də istehlakçılara xidmətin  səviyyəsinin daha da yüksəldilməsi, texnoloji itkilərin azaldılması, sərf olunmuş enerjinin dəyərinin vaxtında ödənilməsi  üçün kollektiv öhdələrinə düşən işi layiqincə yerinə yetirmək üçün bütün qüvvələrini səfərbər etmişlər. Hazırda burada payız-qış mövsümünə hazırlıqla bağlı təmir işləri tədbirlər planına uyğun davam etdirilir.

Müəssisədən ötürücü və paylayıcı şəbəkənin istismar səviyyəsinin təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ərazisi coğrafi baxımdan çox geniş olan rayonda enerji təchizatının dayanıqlığını təmin etmək üçün istismarçılar böyük səy göstərirlər. Elektrik verilişi xətlərinin (EVX), transformator və ya komplekt transformator məntəqələrinin (TM və ya KTM) cari və əsaslı təmiri əvvəlcədən tərtib edilmiş cədvəl əsasında aparılır.

Qeyd edək ki, payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində cari ilin son üç ayı ərzində 10, 6 və 0,4 kV-lik EVX-lərin ümumilikdə 4 kilometrdən artıq hissəsində müxtəlir təyinatlı təmir işləri həyata keçirilmişdir ki, bu da tələbatçıların daha kefiyyətli elektrik enerjisi ilə təmin olunmasına imkan yaradır.

Mənbəyə istinadən onu da qeyd edək ki, sözügedən dövrdə 17 KTM-də təmir işləri reallaşmışdır. Bundan əlavə ümumi gücü 3,1 MVA-dan artıq olan 22 transformator da təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.

Digər görülmüş işlər barəsində də məlumat verən mənbə bildirdi ki, cari ilin avqust ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 51 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 134,8 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 8 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 30 faizə yaxın hisəsinin  ödənişi təmin edilmişdir.

Onu da qeyd edək ki, sözügedən müəssisə üzrə cari ilin 8 ayı ərzində isə 353 qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuş, 1 milyon 500 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin də (90 min manatdan artıq) 60 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Xatırladaq ki, Tovuz rayonunun 14 kəndi  Ermənistanla həmsərhəd ərazilərdə yerləşir. Atəşkəsin tez-tez pozulduğu bu ərazilərdə enerji təchizatının dayanıqlığının təmin edilməsinə xüsusi diqqət yetirilir. Bu kəndlərin, eləcə də rayonun digər yaşayış məntəqələrinin enerji təchizatı sisteminin təkmilləşdirilməsi üçün müəyyən edilmiş tədbirlərin icrası davam etdirilir.