MÜHÜM ADDIMLAR ATILIR

Image

İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək məqsədilə elektrik şəbəkəsi  müəssisələrində mühüm addımlar atılır. Əməkdaşlarımız həmişə olduğu kimi, bundan sonra da  istehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirəcəklər.

“Lerik Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və bildirilir ki, şəbəkənin dayanıqlığının daha da möhkəmləndirilməsi, o cümlədən payız-qış mövsümünə hazırlıq çərçivəsində cari ilin son üç ayında mühüm addımlar atılmışdır. Belə ki, 10 kV-lik xətlərin 14,3 km, 0,4 kV-lik xətlərin isə 3,7 km-dən artıq hissəsində təmir işləri aparılmışdır.

Qeyd edək ki, sözügedən dövrdə 9 TM-də müxtəlif təyinatlı təmir işləri reallaşdırılmışdır. Bundan əlavə 3 transformator isə təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, şəbəkə üzrə yanğından mühafizə tədbirləri də daim diqqət mərkəzindədir. Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM-lərin ərazisi quru otlardan təmizlənmiş və digər qabaqlayıcı tədbirlər görülmüşdür.

“Elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu  məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir”, – deyən mənbə onu da bildirdi ki, müəssisənin xidməti ərazisində cari ilin avqust ayında keçirilmiş reydlər zamanı 2 istehlakçının  sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 5,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 317 manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin 8 ayı ərzində keçirilmiş reydlər zamanı 12 qayda pozuntusu fakt aşkar olunmuşdur. Nəticədə 35,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin (2,1 min manatın) müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.