“UCAR EŞ”: TƏMİR İŞLƏRİ APARILIB

Image

Payızın nəfəsi duyulmaqdadır. Yayın yandırıcı istilərindən «azad» olan energetiklərimiz gördükləri işin hesabatını  aparır, görüləcək işlərin siyahısını tutur, payız-qış mövsümünə hazırlıqlarını yekunlaşdırırlar. İstehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin yüksək həddə çatdırılması ən mühüm vəzifədir. Bütün bunlarla yanaşı elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də mütəmadi olaraq tədbirlər davam etdirilir. Bu məqsədlə də digər energetika müəssisələrində olduğu kimi, “Ucar Elektrik Şəbəkəsi”nin də (EŞ) balans mənsubiyyətinə aid olan EVX-lərdə və TM-lərdə müxtəlif təyinatlı təmir işləri aparılır.

Sözügedən müəssisədən balans mənsubiyyətinə aid olan elektrik erilişi xətlərində (EVX) və transformator məntəqələrində (TM) həyata keçirilən yenidənqurma və təmir işləri barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, elektrik enerjisindən səmərəli istifadəyə ciddi nəzarət edilir.  İyun-avqust aylarında 400 yeni mənzil sahibinin ünvanına sayğac qoyulub, 700-ə yaxın qüsurlu sayğac dəyişdirilib, EVX-lərdə əsaslı və cari təmir işləri görülüb.

Mənbəyə istinadən qeyd edək ki, 0,4 kV-lik xətlərdə 60-a yaxın dayaq yenisi ilə əvəz olunub. 110/35 kV-lik "Ucar" yarımstansiyasında yağ açarları dəyişdirilib. 10 kV-lik xətlərin əsaslı və cari təmirinə diqqət artırılıb.

Sonda onu da qeyd edək ki, payız-qış mövsümü üçün tərtib edilmiş tədbirlər planı həyata keçirilir, avadanlıqların istismar səviyyəsi yaxşılaşdırılır… Hazırki iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə də müvafiq tədbirlər həyata keçirilir.