PAYIZI YAXŞI HAZIRLIQLA QARŞILAYIRLAR

Image

“Mingəçevir REŞ”-in tərkibində olan Ağdaş rayonunun elektrik təsərrüfatında son aylar istismar sahəsində görülən işləri nəzərdən keçiririk. “Ağdaş Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ener­getiklər ilin arxada qalan ayları ərzində enerji verilişinin dayanıqlığını artırmaq, keyfiyyətini daha da yüksəltmək istiqamətində nəzərdə tutulmuş tədbirləri ardıcıllıqla yerinə yetiriblər. Onlar 8 ayda 230-dan çox fərdi abonentə yeni sayğac quraşdırıb, 290-dan artıq zədələnmiş sayğacı əvəzləyiblər. 10 kV-lik "Dəhnə", "Kükəl", "Şıxlı", I "Şəhər" və "Quşçuluq" hava xətlərinin 3,5 km-də əsaslı təmir işləri aparıblar. Qeyd edək ki, analoji olaraq bu proses 0,4 kV-lik hava xəttində də həyata keçirilib. Rayon mərkəzinin Heydər Əliyev prospekti, H.Hacıyev, İstiqlal, İ.Millətoğlu, M.İsayev adına küçələri, Üçqovaq, Pirəyir, Yenikənd, Korarax, Şordəhnə, Bulaqotağı kəndlərindən keçən 0,4 kV-lik hava xətləri üzrə 14 km-ə yaxın məsafə əsaslı təmir edilmişdir. Elektrik enerjisinin normal verilişi üçün onlar zəruri olan ərazilərdə 10 və 0,4 kV-lik EVX-lərdə cari təmir işləri də aparıblar.

Yeri gəlmişkən, “Ağdaş” EŞ-in təmir briqadası 10/0,4 kV-lik transformator məntəqələrinin cari və əsaslı təmir işlərini də həyata keçirib. Onlar müxtəlif gücə malik 22 transformatorda əsaslı, 24 transformatorda isə cari təmir işi aparıblar. Bütün bunlar  rayonun və onun kəndlərinin enerji təminatında qışa hazırlıq çərçivəsində həyata keçirilib və təbii ki, enerji haqlarının ödənişində müsbət rol oynayıb.