YENİLƏŞƏN, GƏNCLƏŞƏN "ŞIMAL" ES
Müstəqillik dövründə Ulu Öndərin rəhbərliyi altında respublikada istismara verilən elektrik stansiyalarından biri, Abşeron yarımadasında generasiya güclərindən ən önəmlisi olan “Şimal” ES-nın kollektivi cari ilin 8 ayını da uğurlu istehsalat göstəriciləri ilə başa vurmuşlar. Daha doğrusu, cari ilin 8 ayı üzrə texniki iqtisadi göstəricilər yüksək olmuşdur. Hazırda stansiya dispetçer qrafikinə uyğun normal iş rejimində fəaliyyət göstərir.
Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin avqust ayında 168,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, cari ilin 8 ayı ərzində isə burada 1 milyard 477,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Mənbə bunu uğurla həyata keçirilmiş məqsədyönlü tədbirlərin məntiqi nəticəsi kimi qiymətləndirərək digər texniki göstəricilərin də yüksək olduğunu bildirdi.
Mənbənin stansiyada payız-qış mövsümü ilə bağlı görülmüş işlər barəsində verdiyi məlumata istinadən onu da qeyd edək ki, tədbirlər planına uyğun olaraq qrafik üzrə nəzərdə tutulmuş işlər və digər təşkilatı tədbirlər başa çatdırılmışdır.
Onu da qeyd edək ki, qış aylarında soyuducu su kanalının donmaması və kanalda buzun yaranmasının qarşısının alınması məqsədilə çıxış su kanalı dövran su nasosxanasının xətt vasitəsilə giriş kanala birləşdirilməsi layihəsi hazırlanmış və hazırda layihə üzrə müvafiq işlər aparılır.
Yeri gəlmişkən, digər müəssisələr kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın nasoslarına baxış keçirilmiş, aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır. Eyni zamanda müxtəlif növ transformator və yağ çənləri üzərində quraşdırılmış su ilə avtomatik yanğınsöndürmə, həmçinin yanğın xəbərverici sistemləri əsaslı təftiş edilərək saz vəziyyətə gətirilmişdir. Bütün bunlarla yanaşı işçilərə əks-qəza təlimləri də keçirilir.
Xatırladaq ki, "Şimal" ES-in inkişaf proqramı Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən bu gün də müvəffəqiyyətlə davam etdirilir. Artıq Yaponiyanın "Toyo Engineering" şirkəti ilə bağlanmış müqavilə əsasında müəssisədə sayca ikinci 409 MVt-lik enerji blokunun tikintisinə rəvac verilib. 21 sentyabr 2011-ci il tarixində möhtərəm Prezidentimiz İlham Əliyev "Şimal" ES-ə gələrək şəxsən ikinci 409 MVt-lik BQQ-nin təməlini qoyub. Müəssisədə energetiklər və inşaatçılar qarşısında çıxış edən ölkə başçısı tikinti-quraşdırma işlərinin ən qısa zamanda başa çatdırılmasının planlaşdırıldığını bildirib.
Onu da qeyd etmək yerinə düşərdi ki, hazırda 409 MVt-lik enerji blokunun tikintisi qrafikə uyğun davam etdirilir.
Sonda onu da qeyd edək ki, ikinci enerji blokunun inşası ilə əlaqədar olaraq, yeni 220 kV-lik elektrik verilişi xətləri və yarımstansiyaların tikinti işləri də aparılacaq. Nəticə etibarı ilə Abşeron yarımadasının, bütövlükdə enerji sisteminin elektrik enerjisi ilə təminatının dayanıqlığı tam şəkildə təmin ediləcəkdir.