ŞİRVAN İES: TƏMİR İŞLƏRİ APARILIR
“Şirvan İstilik Elektrik Stansiyası”nın mövcud vəziyyətə uyğun normal fəaliyyətini davam etdirməsi üçün tərtib edilmiş təmir qrafikinə uyğun olaraq, təmir işləri zamanı enerji bloklarında və onların köməkçi avadanlıqlarında nasaz hissələr yenisi ilə əvəz edilmiş, qızdırıcı səthlər qurumdan təmizlənmişdir. Nəticədə istismar müddətinə uyğun enerji blokunun avadanlıqlarının hal hazırkı vəziyyəti ilə müqayisədə texniki iqtisadi göstəriciləri yaxşılaşdırılmışdır. Hal-hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin avqust ayında stansiyada 220,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal olunmuşdur.
Qeyd edək ki, cari ilin 8 ayı ərzində isə burada 2 milyard 16,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir.
“Digər enerji müəssisələrində olduğu kimi burada da 2012/2013-cü illərin payız-qış mövsümünü normal keçirmək məqsədilə tədbirlər planına uyğun olaraq enerji bloklarında müxtəlif təyinatlı təmir işləri aparılır. Eyni zamanda digər elektrik avadanlıqlarında da profilaktik təmir işləri icra edilir”, – deyən mənbə cari ilın son üç ayı ərzində həyata keçirilmiş işlər barəsində də məlumat verdi.
Mənbəyə istinadən qeyd edək ki, 4 saylı enerji blokunda təmir işləri aparılmışdır. 6 saylı enerji blokunun əsaslı təmir işlərinə başlanılmış və işlər qrafikə uyğun davam etdirilir. Digər enerji bloklarında da müxtəlif təyinatlı təmir işləri aparlmışdır.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda tədbirlər planına uyğun olaraq mazut çənlərində, yağ açarlarında və EVX-lərin də müxtəlif təyinatlı təmir işlərinin aparılması bildirilir. Eyni zamanda kimya sexində də müxtəlif təyinatlı təmir işləri aparılmışdır.
Mənbədən onu da bildirdilər ki, enerji bloklarında müntəzəm olaraq təftiş işləri aparılır, texnoloji proses nəticəsində yaranan qüsurlar vaxtında aradan qaldırılır. Bundan əlavə, 110 kV-lik II “Salyan” xəttinin hava açarları təmir olunmuşdur.
Sonda onu da qeyd edək ki, stansiyada nəzərdə tutulmuş təmir-tikinti işləri plana uyğun davam etdirilir. Kollektiv enerji bloklarının fasiləsiz və dayanıqlı işləməsi üçün zəruri olan bütün tədbirləri yerinə yetirməyə var qüvvəsi ilə çalışır.
Yeri gəlmişkən, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Sexlər, inzibati bina və yardımçı binalar yanğınsöndürmə avadanlıqları ilə təmin olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir
Xatırladaq ki, hər biri 150 MVt gücündə 7 blokdan ibarət “Şirvan” istilik elektrik stansiyası Avropada açıq quruluşlu ilk enerji obyekti olmuşdu. Ölkənin enerji təhlükəsizliyinin təmin olunması məqsədilə hal-hazırda Şirvan şəhərində gücü 780 MVt olan yeni elektrik stansiyasının, yəni “Cənub” elektrik stansiyasının tikinti işləri qrafikə uyğun davam edir. Bu stansiyada həm qaz, həm mazut, həm də dizel yanacağından istifadə edilməsinə imkan verən müasir texnologiyalar tətbiq ediləcəkdir. Yeni stansiyanın gələcəkdə Abşeron yarımadasının və cənub bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsinin təmin edilməsində rolu böyük olacaqdır.