TƏMİR İŞLƏRİ APARILIR
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması energetklərin ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi “Gəncə Regional Elektrik Şəbəkəsi”nin (REŞ) də xidməti ərazilərində bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Ən əsası isə respublika enerjisistemi üçün strateji əhəmiyyətə malik sistem təşkiledici şəbəkə xüsusi diqqət mərkəzindədir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və cari ilin son üç ayı ərzində görülmüş işlər barəsində o da bildirilir ki, müəssisənin balans mənsubiyyətinə aid olan 35 kV-lik və ondan yuxarı gərginlikli elektrik verilişi hava xətlərinin (EVHX) sözügedən dövr ərzində bir kilometrdən artıq hissəsi və 1000-ə yaxın izolyator yenisi ilə əvəz edilmişdir. Bununla yanaşı, həmin bu dövr ərzində hava xətlərinin trassası ağaclardan təmizlənmiş və işlər mütəmadi olaraq davam etdirilir.
Digər təmir işlərindən danışan mənbə onu da bildirdi ki, 110 kV-lik Gəncə-1 yarımstansiyasında eynigərginlikli I və II Melxior, V və VI Gəncə HX-lərin yağ açarları eleqaz açarla əvəz edilmişdir. Paralel olaraq bu yarımstansiyanın digər elektrik avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Qeyd edək ki, sözügedən dövrdə 330 kV-lik Gəncə, 110 kV-lik S.Vurğun, Yenikənd, 35 kV-lik Günəşli yarımstansiyalarında da təmir işləri aparılmışdır.
Yeri gəlmişkən, yenidənqurma, təmir-tikinti işləri ilə əlaqədar 330 kV-lik Ağstafa yarımstansiyasında 2 saylı 125 MVA avtotranformatorun ŞAHA-nin, Qardabani HX-nin 330 kV-lik hava açarlarının eleqaz açarlarla əvəz olunması işləri davam etdirilir.
Bundan başqa, digər müəssisələrdə olduğu kimi burada da yanğın təhlükəsizliyi tədbirləri daim diqqət mərkəzindədir. Belə ki, mövcud hava şəraiti ilə əlaqədar olaraq sistem təşkiledici 110-500 kV-lik yarımstansiya və EVX-lərə növbədənkənar baxışlar keçirilir, ərazidən quru otlar təmizlənmiş, yarımstansiyaların bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış və normal səviyyəyə gətirilmişdir.
Sonda onu da qeyd edək ki, Gəncə, Göygöl, Samux, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy EŞ-lərin xidməti ərazilərində yerləşən 10, 6 və 0,4 kV-lik şəbəkələrdə də cari ilin son üç ayı ərazisində böyük həcmdə yenidənqurma işləri aparılmış və bu işlər hazırda da davam etdirilir.