EFFEKTİVLİK DAHA DA ARTIRILIR

Image

İstehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanılması, kommersiya itkilərinin qarşısının alınması məqsədilə Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin (YGEŞ) balans mənsubiyyətinə aid olan yarımstansiyalarda cari ilin son üç ayı ərzində də bir sıra mühüm işlər yerinə yetirilmişdir.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, bu məqsədlə 330 kV-lik “Yaşma” yarımstansiyasında 3 saylı bölmə əsaslı təmir edilmişdir. Eyni zamanda 330 kV-lik 4 ədəd və 220 kV-lik bir ədəd eleqaz açarları da təmir edilmişdir. Bütün bunlarla yanaşı sözügedən dövrdə 330 kV-lik Şirvan və Xaçmaz, 220 kV-lik Yaşma, 110 kV-lik I və V Yaşma, II Siyəzən, V Sumqayıt HX-lərinin avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Qeyd edək ki, 220 kilovoltluq “Sənaye Qovşağı” yarımstansiyasında isə 2 saylı 200 MVA avtotransformator əsaslı və avadanlıqları cari təmir edilmiş, 2 saylı xüsusi sərfiyyat transformatorunun 10 kV-lik yağ açarı isə vakkum açarla əvəzlənmişdir. Bütün bunlardan əlavə bu yarımstansiyada digər avadanlıqlarda da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Yeri gəlmişkən, analoji təmir işləri 110 kV-lik Sumqayıt-3 yarımstansiyasında da həyata keçirilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, 110 kV-lik Kimyaçılar yarımstansiyasının gücü artırılmışdır. Belə ki, burada 2 saylı 40 MVA-lıq transformator 80 MVA-lıqla, akkumlyator bateriyaları isə yenisi ilə əvəz edilmişdir. Paralel olaraq müəssisənin balans mənsubiyyətinə aid olan 110 kV-lik Sumqayıt-2 yarımstansiyasında 2 saylı 80 MVA, 135 saylı yarımstansiyada isə 1 saylı 40 MVA-lıq transformator və onun avadanlıqları da təmir edilmişdir. Eyni zamanda bu yarımstansiyaların  digər avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, dayanıqlığın daha da artırılması məqsədilə YGEŞ-in xidməti ərazisində yüksək gərginlikli elektrik verilişi xətləri üzrə də müvafiq bərpa işləri icra edilmişdir.  Belə ki, 500 kV-lik 2-ci “Abşeron” HX-nin bir neçə dayağında vant troslar dartılmış, ildırımötürücü troclar təmir edilmiş, torpaqlama konturunun müqaviməti yoxlanılmışdır. Eyni zamanda analoji işlər 330 kV-lik 1-ci “Abşeron” HX-də də həyata keçirilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, müvafiq təmir-bərpa işləri  220 kV-lik VII Abşeron HX-də, 110 kV-lik  Sumqayıt HX-lərində, I, III Sənaye Qovşağı HX-lərində də  aparılmışdır. Bu tədbirlər sırasına sınıq izolyatorların dəyişdirilməsi, zədəli naqillərin təmir edilməsi, sıradan çıxmış armaturların yeniləri ilə əvəz edilməsi və boşalmış sıxacların bərkidilməsi və s. daxildir.

Yeri gəlmişkən, icrası reallaşdırılan tədbirlər enerji ötürücülərində dayanıqlığın  yüksək səviyyədə təmin edilməsinə geniş imkanlar açır.

Mənbədən onu da bildirdilər ki, yanğın təhlükəsizliyi ilə əlaqədar olaraq ərazidən quru otlar təmizlənmiş, yarımstansiyaların bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış və normal səviyyəyə gətirilmişdir. Eyni zamanda avtomatik yanğınsöndürmə qurğusu təftiş olunaraq saz vəziyyətə gətirilmişdir.

Sonda onu da qeyd etmək yerinə düşərdi ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar yerinə yetirilməsi cari ilin II rübündə nəzərdə tutulmuş bütün işlər əsasən yerinə yetirilmişdir.