YÜKSƏK KEYFIYYƏT UĞRUNDA

Image

Oğuz Elektrik Şəbəkəsində elektrik təsərrüfatının fəaliyyətini  sağlamlaşdırmaq, istehlakçıların elek­trik enerjisi ilə daha da dayanıqlı təchizatını təmin etmək məqsədilə həyata keçirilən işlər öz bəhrəsini verməkdədir. Bu barədə EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, elektrik enerjisi ilə təchizat sahəsində vəziyyətin qənaətbəxş olması rayonun elektrik təsərrüfatında görülmüş əsaslı və cari təmir işləri ilə də bağlıdır.

Belə ki, bu il ərzində 10 və 0,4 kV-lik elektrik verilişi xətlərinin 12,2 kilometr məsafəsində təmir işləri aparılıb, 61 ədəd dayaq dəyişdirilib. Eyni zamanda 2 kilometr SİP kabel çəkilib. Hava xətlərinə yaxın ərazi ağaclardan təmizlənib. İl ərzində rayonda 500-dən çox yeni sayğac quraşdırılıb, məcburi köçkün istehlakçı qrupunun sayğaclaşdırılması prosesi başa çatıb.

Mənbəyə istinadən qeyd edək ki, elektrik enerjisi ilə təminatda dayanıqlığın təmin edilməsi məqsədi ilə yarımstansiyalarda əsaslı və cari təmir işləri aparılıb. 35 kV-lik Oğuz yarımstansiyasında 4 və 3,2 MVA gücündə transformator, Yaqublu yarımstansiyasında isə 4 və 2,5 MVA gücündə transformator təmir olunub. Hər iki yarımstansiyada 10 kV-lik fidellərin yağ açarları əsaslı təmir edilib. 16 ədəd TM-də cari təmir işləri həyata keçirilib. Tədbirlər planına uyğun olaraq bütün elektrik verilişi xətlərinə və yarımstansiyalara baxış keçirilib. Yarımstansiyaların əraziləri yanar materiallardan, həmçinin alaq otlarından təmizlənib.

Şəbəkənin xidməti ərazisində sayğacdankənar istifadə hallarına, az da olsa, təsadüf edilir. Əsasən ucqar kəndlərdə baş verən belə hadisələri aşkarlamaq üçün hər gün reydlər keçirilir. Qayda pozuntuları müvafiq qaydada aktlaşdırılır. Görülən tədbirlər nəticəsində elektrik enerjisindən qeyri-qanuni istifadə edənlərin sayı getdikcə azalır, əhali istehlak mədəniyyətinə yiyələnir” – deyən mənbə onu da bildirdi ki, son illər respublikamızın digər bölgələrində olduğu kimi,  Oğuzda da geniş quruculuq-abadlıq işləri həyata keçirilir. Bu tədbirlərdə Oğuz EŞ-in əməkdaşları da yaxından iştirak edirlər. Məsələn, son 3-4 ay ərzində rayon mərkəzində 10 kV-lik elektrik verilişi xəttində 12 ədəd dəmir-beton dayaq yeni metal dayaq ilə əvəz olunub. 72 ədəd izolyator yeni tipli izolyatorlarla dəyişdirilib. Səməd Vurğun küçəsindəki 10 kV-lik xətdə isə 32 ədəd dəmir-beton dayaq yenisi ilə əvəz edilib. Hazırda bu istiqamətdə həyata keçirilən işlər davam etdirilir. Ümumiyyətlə, şəhərdə 0,4 kV-lik şəbəkənin tamimilə SİP-ləşdirilməsi nəzərdə tutulub. Yaxın zamanlarda bu prosesə start veriləcək.