“BƏRDƏ EŞ”: ŞƏBƏKƏNİN DAYANIQLIĞI ARTIB
“Mingəçevir Regional Elektrik Şəbəkəsi” müəssisəsinin ən böyük elektrik şəbəkələrindən sayılan “Bərdə EŞ”də cari yarımillikdə bir sıra işlər həyata keçirilib, şəbəkənin dayanıqlığı artıb, enerji verilişinin keyfiyyəti daha da yüksəlib.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, rayonun elektrik hava verilişi xətlərində təmirçilər yeniləşmə işləri görüblər. 10 kV-lik EVX-də 19,6 km-lik, 0,4 kV-lik EVX-lərdə isə 27,2 km-lik məsafədə əsaslı və cari təmir aparılıb, ehtiyac duyulan hissələrdə xətlərin ətrafı yaşıl kütlədən təmizlənib. Təmirçilər 5,1 km uzunluğunda 0,4 kV-lik çılpaq naqili yeni SİP kabellə əvəz ediblər. Bu müddət ərzində 113 ədəd 10 kV-lik, 91 ədəd 0,4 kV-lik dəmir-beton dayaq basdırılıb. 44 transformator əsaslı təmirdən sonra işə salınıb. Yeni mənzillərdə 417 sayğac quraşdırılıb. Qüsurlu olan 603 sayğac isə dəyişdirilərək yeniləri ilə əvəz olunub.
Qeyd edək ki, 10/0,4 kV-lik transformator məntəqəsindən 24-ü əsaslı, 36-sı isə cari təmir olunub. 6,8 km uzunluğunda SİP kabeli çəkilib. Suvarma mövsümünün başlanması ilə əlaqədar 35/10 kV-lik «Bəcrəvan» yarımstansiyasında suvarma nasoslarına xidmət edən 1,8 MVA-lıq transformator 2,5 MVA-lıq transformatorla əvəz olunub.
Mənbə onu da bildirdi ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması faktları üzrə yarım il ərzində 1200 akt tərtib olunub ki, bunun da 855-i məişət abonenti (əhali) istehlakçı qrupunun payına düşür. Bu aktlar əsasında ümumilikdə itirilmiş elektrik enerjisinin 197 min manatdan artıq istehlak dəyəri bərpa edilib ki, həmin məbləğin tam ödənilməsi üçün tədbirlər görülür.