“AĞSTAFA EŞ”: REYDLƏR KEÇİRİLİR

Image

Reydlər zamanı sayğacların dövlət möhürlərinin zədələnməsi, müdaxilə edilən sayğacların istehlak edilmiş elektrik enerjinin bir hissəsinin qeydə almaması, sayğacdan kənar xətdən istifadə və digər qüsurlar aşkar olunur. Həmin istehlakçılara qarşı daha sərt tədbirlər görülür.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Ağstafa Elektrik Şəbəkəsi”ndən (EŞ) daxil olan məlumata görə,  cari ilin iyun ayında müəssisənin xidməti ərazisində həyata keçirilmiş reydlər zamanı 12 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları üzrə tərtib edilmiş aktlara əsasən müvafiq qaydada hesabatlar aparılaraq 27,4 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 1,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğ hesabat ayında əsasən ödənilmişdir.

Qeyd edək ki, cari ilin 6 ayı ərzində isə 86 qayda pozuntusu aktı tərtib olunmuş, 228,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 13,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 95 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.

Yeri gəlmişkən, qayda pozuntularına göə cari ilin 6 ayı ərzində tədbir görülməsi üçün 8 istehlakçı barəsində toplanmış sənədlər hüquq mühafizə orqanlarına göndərilmişdir.

“İstehlakçıların elektrik enerjisinə olan tələbatını daha da keyfiyyətli şəkildə ödəmək, eyni zamanda qayda pozuntularının qarşısının alınması məqsədilə paylayıcı şəbəkələrdə mühüm addımlar atılır ki, bunun nəticəsində də dayanıqlıq daha da möhkəmlənir, ifrat yüklənmələr aradan qaldırılır, itkilər azaldılır, istehlak edilən elektrik enerjisinin ödənişində isə yüksək göstəricilərə nail olunur”, – deyən mənbə cari ilin son üç ayında həyata keçirilmiş təmir işləri barəsində də məlumat vedi.

Mənbəyə istinadən qeyd edək ki, müəssisənin balans mənsubiyyətinə aid olan 10, 6 və 0,4 kV-lik EVX-lərdə həyata keçirilən müxtəlif təyinatlı təmir işləri zamanı xətlərin ümumilikdə 13,1 kilometrə yaxın hissəsi təmir edilmişdir. Eyni zamanda yeni 15 dayaq quraşdırılmış və 26 dayaq isə yenisi ilə əvəzlənmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən dövrdə müəssisənin xidməti ərazisində olan transformator məntəqələrinin 19-da da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.