“BAKI ES”: TƏMİR – SAZLAMA İŞLƏRİ APARILMIŞDIR
Elektrik enerji sisteminin respublika xalq təsərrüfatının sürətli inkişafını qabaqlamasını təmin etmək məqsədilə, postsovet məkanında ilk dəfə olaraq ölkəmizdə generasiya güclərinin paylanmış struktur konsepsiyasını əsas götürərək porşen tipli mühərriklərdən ibarət olan generatorların tətbiqinə başlanmışdır. Belə generasiya güclərindən biri olan “Bakı” elektrik stansiyasında aqreqatlarda planlı təmir-sazlama işləri texniki xidmət qrafikinə uyğun aparılır. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Elektrik stansiyasından “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada cari ilin iyun ayında 41,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, 2012-ci ilin 6 ayı ərzində isə burada 281,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Onu da bildirək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində cari ilin 6 ayında, o cümlədən iyun ayında stansiyanın digər texniki iqtisadi göstəricilərində də qənaətbaxş nəticələr əldə olunmuşdur.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, stansiyada aqreqatların hamısı saz vəziyyətdədir. İstismar səviyyəsinin yüksək həddə saxlanılmasını təmin etmək üçün texniki məsələlərə diqqətlə yanaşılır, vaxtlı-vaxtında texniki baxışlar keçirilir və zəruri operativ tədbirlər görülür. Təmir işləri də stansiyanın təmir briqadası tərəfindən aparılır.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin son üç ayında maşın sexində həyata keçirilmiş təmir kampaniyası zamanı avadanlıqlar təftiş edilmiş, istismar prosesində ortaya çıxan nasazlıqlar aradan qaldırılmış, avadanlıqlarda sıradan çıxmış hissələr yeniləri ilə əvəz edilmişdir. Görülən işlərə nümunə kimi yağ süzgəclərinin dəyişdirilməsi, hava soyuducularının, karterlərin təmizlənməsi və yağ əlavə edilməsi və digər işləri göstərmək olar. Yeri gəlmişkən, sözügedən dövrdə bütün generatorlarda cari təmir işləri aparılmışdır.
Mənbəyə istinadən onu da qeyd edək ki, payız-qış mövsümünə hazırlıq tədbirlərinə uyğun olaraq elektrik sexində də avadanlıqlara texniki baxışlar keçirilmiş və müxtəlif təyinatlı təmir işləri görülmüşdür. O cümlədən, güc transformatorlarında, eleqaz açarlarında, ayrıcılarda texniki xidmət işləri aparılmışdır.
Digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Sexlər, inzibati bina və yardımçı binalar yanğınsöndürmə avadanlıqları ilə təmin olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir
Sonda onu da qeyd edək ki, müəssisədə çalışan işçilərin peşəkarlıq qabiliyyətlərinin artırılması məsələsi də diqqət mərkəzində saxlanılır. Eyni zamanda ərazidə abadlıq işləri də vaxtlı-vaxtında yerinə yetirilir.
Xatırladaq ki, Dövlət Proqramına uyğun olaraq bölgənin elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə tikilmiş bu elektrik stansiyası 12 aqreqatdan ibarətdir və ümumi gücü 105 MVt-dır.