“AZƏRENERJİ” ASC-də 20 YANVAR QURBANLARI DƏRİN EHTİRAMLA ANILMIŞDIR
Azərenerji” ASC-də 20 Yanvar hadisəsi Azərbaycan tarixinin şanlı səhifəsidir” mövzusunda keçirilən tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev qeyd etdi ki, 20 Yanvar faciəsi artıq xalqımızın yaddaşına müstəqillik, suverenlik və ərazi bütövlüyünün rəmzi kimi həkk olmuşdur. Ötən il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beş illiyinin inamla və uğurla qeyd edilməsi bir daha göstərdi ki, bu hadisə qanla yazılsa da şanlı tarix salnaməsidir. Xüsusilə vurğulamaq lazımdır ki, bu istiqamətdə əsas stimul o dövrdə Moskvada yaşayan dahi öndər Heydər Əliyevin elə həmin günün səhəri – 21 yanvar tarixində oğlu İlham Əliyevlə birlikdə Azərbaycanın Moskva şəhərində yerləşən nümayəndəliyinə gələrək, dünya ictimaiyyətinə baş verən, insanlığa sığmayan qanlı hadisənin çirkin məqamlarını çatdırması və bu qətliama siyasi-hüquqi qiymət verilməsinin vacibliyini bəyan etməsi oldu. Məhz 1993-cü ildə xalqımızın təkidli tələbi ilə Ümummilli Liderimiz, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və beynəlxalq ictimaiyyətə təfərrüatları çatdırıldı.
Sonra Milli Məclisin üzvü Aydın Mirzəzadə 20 Yanvar faciəsinin tarixindən, bu hadisənin müstəqilliyimizin qazanılmasındakı yerindən bəhs etdi. O bu tarixin milli dövlətçiliyimizdəki rolundan danışdı. Bu hadisədən iyirmi yeddi il ötməsinə baxmayaraq, bu faciənin hər il daha da ruh yüksəkliyi ilə qeyd edildiyini vurğuladı. Artıq, 1990-cı ilin yanvar ayında doğulan uşaqlar müstəqil Azərbaycan Respublikası üçün əhəmiyyətli işlərdə işləyir. Milli maraqlarımızı ölkə həyatının müxtəlif sahələrində müdafiə edirlər. Bu da onu göstərir ki, bu hadisə qanla yazılsa da azadlığımızın və müstəqilliyimizin təməlidir.
Məhz bu hadisənin əbədiləşdirilməsində Ümummilli Lider Heydər Əliyevin mühüm xidməti vardır. Bu xətt hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə Rəhbərinin iştirakı ilə hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir və bu hadisə ilə bağlı xüsusi tədbirlər görülür.
Daha sonra “Azərenerji” ASC-nin prezidentin müşaviri akademik Arif Həşimov öz çıxışında 20 Yanvarla bağlı keçirilən tədbirin mənəvi məsələ olduğunu və Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət verən Ümummilli Liderimiz Heydər Əliyevin Moskvadakı bəyanatının tarixi əhəmiyyətini qabarıq şəkildə vurğuladı. Bildirdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz sürətlə inkişaf etmiş və ordumuz daha da güclənmişdir.
Tədbirdə vurğulandı ki, 20 Yanvar hadisəsi Azərbaycan tarixinin şanlı səhifəsidir. Vətənimiz Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi daim yad ediləcək və qəlbimizdə əbədi yaşayacaqdır.
Tədbir 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmin nümayiş etdirilməsi ilə yekunlaşdı.