“SİYƏZƏN EŞ”-DƏ REYDLƏR KEÇİRİLİB

Image

Sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi, istehlakçıların elektrik enerjisindən təyinatı üzrə istifadə etmələri, onlar arasında aparılan təbliğat işinə baxmayaraq hələ də bu və ya digər şəkildə  sayğac sxeminə müdaxilə halları var. Bu da sonda itkilərin artmasına və ödəniş səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bu pozuntu faktları tərəfimizdən vaxtında aşkar edilir və həmin istehlakçılara qarşı sərt tədbirlər görülür. Hətta cari ilin 8 ayı ərzində 18 istehlakçı barəsində tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına da müraciət edilmişdir.

“Siyəzən EŞ”-dən “Azərenerji” AC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və bildirilir ki, cari ilin avqust ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 40-dan artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 95,5 min  kilovatsaatdan artıq (bunun 74,5 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılarına aiddir) itirilmiş elektrik enerjisinin 5,7 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, sözügedən müəssisənin xidməti ərazisində cari ilin 8 ayı ərzində keçirilmiş reydlər zamanı aşkar edilmiş 159 qayda pozuntusuna görə 414,4 min kilovatsaatdan artıq (bunun 274,9 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılarına aiddir) itirilmiş elektrik enerjisinin 24,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

“Siyəzən şəhəri və rayonun yaşayış məntəqələrində elektrik təchizatının yaxşılaşdırılması məqsədilə cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid paylayıcı şəbəkələrdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir”, – deyən mənbə onu da bildirdi ki, 10 kV-lik xətlərin 32,2 kilometrə yaxını təmir edilmiş, 4,4 km-i yenisi ilə əvəz edilmiş, 40 dayaq düzləndirilmişdir. 0,4 kV-lik xətlərin isə 41 km-ə yaxını təmir olunmuş, 4,5 km xətt yenisi ilə əvəzlənmiş, 9,6 km sallaq naqil dartılmış, 26 dayaq düzləndirilmiş və xeyli sayda izolyator dəyişdirilmişdir.

Onu da qeyd edək ki, şəbəkədə texnoloji itkilərin azaldılması ıstiqamətində də müəyyən işlər görülmüşdür. Belə ki, müxtəlif gücdə olan 7 TM-də proflaktik təmir, sınaq-ölçü işləri aparılmış və 0,4 kV-lik lövhədə 10 ədəd kəsici təmir olunmuşdur. Böyük Həmyə kəndində isə 259 KVA-liq KTM əsaslı təmir edilmişdir.