TƏDBİRLƏR PLANI VAXTINDA YERİNƏ YETİRİLİR
Digər enerji təsərrüfatlarında olduğu kimi “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”ndə də (YGEŞ) texniki göstəricilərin daha da yaxşılaşdırılması istiqamətində konkret addımlar atılır. Bu məqsədlə cari ilin II rübü üzrə tərtib edilib təsdiqlənmiş tədbirlər planı əsasən yerinə yetirilib. Belə ki, 330 kV-lik I və VIII “Abşeron”, “Xaçmaz”, 220 kV-lik “Yaşma”, 110 kV-lik II “Siyəzən”, II “Maştağa” və digər EVX-lərdə, 110 kV-lik “Ceyranbatan”, “83 saylı” və digər yarımstansiyalarda nəzərdə tutulmuş təmir-təftiş və sınaq işləri başa çatdırılmışdır. Eyni zamanda qarşıdan gələn payız-qış mövsümünə hazırlıq məqsədilə yenidənqurma işləri və müxtəlif təyinatlı sistem əhəmiyyətli təmir işləri həyata keçirilir.
Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə deyilir və o da qeyd edilir ki, cari ilin son üç ayı ərzində 110 kV-lik “Sitalçay”, “Saz-1” və “Saz-2” yarımstansiyalarının hər birində müxtəlif gücdə olan iki transformator və onun avadanlıqlarında müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Eyni gərginlikli “Xəzri” yarımstansiyasında isə 2 saylı 6,3 MVA-lıq transformatorda da analoji işlər həyata keçirilmişdir.
Mənbə onu da bildirdi ki, sözügedən dövrdə “Gorədil”, “Şamaxı”, “Masazır” və “83 saylı” yarımstansiyalarda transformatorlar və onların avadanlıqları əsaslı və cari təmir edilmişdir.
Qeyd edək ki, hesabat dövründə təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan EVX-lərdən də yan ötməmişdir. Belə ki, 330 kV-lik “Xaçmaz” HX-də bir neçə dayaq arası naqil və ilgək (“şleyf”) təmir edilmiş, xeyli sayda izolyator dəyişdirilmiş və 7 dayaqda isə ildırımötürücü trosların armaturları yoxlanılmışdır.
Mənbəyə istinadən onu da qeyd edək ki, sözügedən dövrdə 220 kV-lik “Yaşma”, 110 kV-lik I “Xırdalan”, “Masazır”, II “Maştağa” və digər HX-lərdə də analoji təmir işləri həyata keçirilmişdir.
Mövcud hava şəraiti ilə əlaqədar müəssisənin xidməti ərazisində yanğın təhlükəsizliyi ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. O cümlədən, yarımstansiyaların ərazisi quru otlardan təmizlənir, yağ tutumlu avadanlıqlarda yağın səviyyəsi, girimlərdə təzyiqlərin və transformatorlarda temperaturun norma həddində saxlanması təmin edilir. EVX-lərin trassası ağac və digər yaşıl kütlələrdən, dayaqların ətraflarının quru otlardan təmizlənməsi işləri aparılır. İstismar müddətinə uyğun olaraq yanğınsöndürmə vasitələri dəyişdirilərək yenisi ilə əvəz edilmişdir.
Sonda onu da qeyd edək ki, kollektiv əlverişli yay mövsümündən istifadə edərək həm şəbəkənin texniki dayanıqlığını artırır, həm qarşıdakı payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir.